tehsil_xeberleri_metn 90 yaşlı akademik: "Akademiyanın heç bir imtiyazından istifadə etməyən yeganə insanam" - MÜSAHİBƏ

90 yaşlı akademik: "Akademiyanın heç bir imtiyazından istifadə etməyən yeganə insanam" - MÜSAHİBƏ

90 yaşlı akademik: Akademiyanın heç bir imtiyazından istifadə etməyən yeganə insanam

"Yeni yaşım mənim üçün bayram günlərindən biridir"

"Hər zaman təqaüdlə dolanmışam"

Azərbaycanın tanınmış mikrobioloq alimi, Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun keçmiş direktoru, hazırda akademiyanın baş elmi işçisi, “Şöhrət” ordenli akademik Məmməd Salmanovun yanvarın 12-də 90 yaşı tamam olub.

O, AMEA-nın Mikrobiologiya İnstitutunda fəaliyyət göstərən Müdafiə şurasının sədri, Azərbaycan Mikrobioloqlar Cəmiyyətinin sədri, “Azərbaycan Standartları” jurnalının baş redaktoru, UNESCO yanında “Bioetika, elmi biliklərin və texnologiyanın etikası” üzrə Milli Komitənin üzvü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertidir.

1932-ci ilin yanvarın 12-də İrəvan mahalının Uluxanlı-Zəngibasar rayonunun Qaraqışlaq kəndində anadan olan Məmməd Əhəd oğlu Salmanovun elmi fəaliyyəti Azərbaycanda su mikrobiologiyasının əsasının qoyulması və inkişaf etdirilməsi ilə bağlıdır. Ölkənin bütün su hövzələrinin, o cümlədən də Xəzər dənizinin mikrobioloji, eləcə də ekoloji və hidrobioloji aspektləri baxımından araşdırılması onun birbaşa rəhbərliyi və iştirakı ilə həyata keçirilib. Son 50 ildə Xəzər dənizində, 5 dövlət ərazisi üzrə Kür, Araz çaylarında və hövzə boyu onların əsas qollarında, illər və fəsillər üzrə Məmməd Salmanov tərəfindən ilk dəfə həyata keçirilən monitorinq yönümlü fundamental mikrobioloji və ekoloji tədqiqatlar mühüm əhəmiyyət daşıyır.

Tanınmış alim 2002-ci ildə AMEA-nın Fəxri fərmanı, 2005-ci ildə “Şöhrət” ordeni, bu ilin yanvar ayının 11-də isə ölkədə elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

“Report”un əməkdaşı 90 illik yubileyi ilə bağlı akademiklə əvvəllər çalışdığı Mikrobiologiya İnstitutunda görüşüb, həmsöhbət olub:

- 90 illik yubileyinizdə özünüzü necə hiss edirsiniz?

- 90 illik ömürdə fizioloji olaraq əvvəlki kimi yeriyə bilmirəm, eşitməyimdə bir az qüsur var. Fərq yanlız bundadır. Yerdə qalan arzu-istək, harasa getmək-gəlmək, ünsiyyət və digər məsələlərdə heç nə dəyişməyib. Mənim üçün həyat davam edir, yazmasam, hər gün mütaliə etməsəm, dayana bilmərəm. Evimizdə, bəlkə də son 50 ildə yastığımın küncündə hər zaman kitab olur və onu oxumasam yata bilmərəm. Bütün bunları özüm üçün edirəm. Adətən öz yaşımda olan insanlar fiziki qüsurlarının öhdəsindən çətinliklə gəlirlər. Mən onlara da tövsiyə edərdim ki, heç vaxt təslim olmasınlar. Biz nəyisə edə bilərik, xoş söz deyə və nəyəsə yararlı ola bilərik. Biz ömrün verdiyi imkanı əsirgəməməliyik.

Yeni yaşım mənim üçün bayram günlərindən biridir. Bu günümdə belə yenə işlərimlə məşğul oluram, hətta instituta gəlib aspirantların işlərinin nə yerdə olduğu ilə maraqlanıram. Yaratdığım laboratoriyada dissertasiya rəhbəri idim və bu gün təqdim olunan işlərə baxıram. Namizədlərdən biri bir az ləng tərpənib. Hətta ad günümdə onu bir az danlamışam. Tələbələrimə hər zaman doğma övladım kimi yanaşmışam.

- İlk təbriki kimdən aldınız?

- İlk təbrikimi qızımdan almışam. Oğlum da var - Allah hamının övladının canını sağlam eləsin. Amma xanımlara, qız övladlarına qarşı hər zaman həssas olmuşam. Çünki təbiət xanımları daha incə və dözümlü yaradıb. Təbii ki, bütün qohumlar, həyat yoldaşım və tanışlar təbrik edib, ancaq ilk təbrikimi qızımdan aldım. Amerikada yaşayan nəvəm ad günümü təbrik etmək üçün mənə zəng etmişdi.

- Prezident İlham Əliyev sizi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib. Təltif xəbərini kimdən eşitdiniz, necə qarşıladınız?

- Heç ağlıma gəlməzdi ki, 90 illik yubileyimdə ölkə başçısı məni təltif etsin. Bunun üçün cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Güman ki, işlərimi, gördüyüm işləri ölkə başçısına çatdıranlar var. Təltif etmə ilə bağlı yoldaşıma zəng edib məlumat veriblər, mən də xəbəri televiziyada eşitmişəm. Zəhmətimə qiymət verdiklərinə görə hər kəsə təşəkkür edirəm. Həyatda taleyi gətirən insanlardanam. Haqqımı bu günə qədər heç kim kəsməyib. İşim hər zaman qiymətləndirilib. Böyük razılığımı bildirirəm ki, ağıllı, işgüzar, xalqın qeydinə qalan Prezident İlham Əliyev məni də yada saldı. Çox minnətdaram.

- Ömür yolunuza nəzər salanda əsasən nələri xatırlayırsınız? 90 il necə keçib?

- 90 illik həyatımda gördüyüm işləri kim mənə danışsa, bunlara inanmazdım. 90 il yaşamışam və zəhmətin nə demək olduğunu bilirəm. Mən hər kəsə deyirəm ki, dünyada bilik və zəhmət itmir. Bütün zamanlarda bunlar lazımdır. Dünyanı gözəlləşdirən, insanı insan kimi təqdim edən, mənəvi olaraq ömürdən razı qalmaq zəhmətə bağlıdır. Dünyanı çiynində saxlayan da məhz zəhmətdir. Çox şadam ki, özümü başa düşəndən nəsə etmişəm. İnsanlara hər zaman deyirəm ki, günün sonu özünə sual ver ki, bu gün nə etmisən? Nə yenilik eşitdim və nə etdim? Sərfəli olub-olmamasından asılı olaraq nəsə etmək lazımdır. Yeyib-içib yatmaq insana yaraşmaz, günahdır.

- Elm fəaliyyətiniz əsasən hansı istiqamətlərdə olub? Əsas elmi nailiyyətiniz hansılardır?

- Əsas sahəm su mikrobiologiyasıdır. Bu sahə İkinci Dünya müharibəsindən sonra yaranıb. Ümumi mikrobiologiyanın 300 ildən artıq tarixi var. Mən su mikrobiologiyası üzrə aspirant olanda SSRİ-də kimsə tapılmadı ki, mənə rəhbər olsun. Sonra məlum oldu ki, o zaman üçün bu sahə üzrə cəmi iki nəfər elmlər doktoru var. Tale elə gətirdi ki, mən onların ikisi ilə də tanış oldum. Mən Kür və Araz çayını ömrüm boyu öyrənmişəm. 1956-cı ildən həmin çayları araşdırıram. Heç bir müəllif Kür və Araz çayını beş dövlətdə öyrənməyib. Amma bunu mən etmişəm. Həmin çayların ilk bulaqlardan damla-damla yığılan yerlərindən Xəzərə gəlib çıxan dövrünə qədər öyrənmişəm. Bu, bizim elmdə analoqu olmayan nailiyyətlərdən biridir. Digər nailiyyətlərimdən biri Xəzər dənizi ilə əlaqəli olub. Mənim dövrümdə Xəzər dənizinin 80 faizi SSRİ-yə məxsus olub. Mən 1960-cı ildən 1998-ci ilə qədər fasiləsiz olaraq Xəzər dənizinin araşdırılması ilə məşğul olmuşam. Xəzəri 5 dövlətin payında öyrənmişəm. Yeganə insanam ki, Xəzərin ərazisinin 30 ildə 551 nöqtəsində iş görmüşəm, 120 ekspedisiyasını keçirmişəm. Xəzəri fəsillər, illər üzrə öyrənən olmayıb və yəqin ki, bundan sonra da olmayacaq. Amma mən bunu da etmişəm. Sovet dövrünün elm üçün xərclədiyi vəsaiti heç bir ölkə verməyib. Xəzəri başdan-başa tək öyrənən insanlardan biriyəm. Xəzərə axan 100-dən çox çayın 19-da iş aparmışam. Xəzərdə 20 adanın əhatəsini öyrənmişəm. Yeganə adamam ki, Xəzərin bütün körfəzlərini, buxtalarını və Xəzərin 1025 metr dərinliyində olan təbəqələri üzrə tədqiqat aparmışam.

- Belə bir fikir var ki, elm adamları uzunömürlü olur. Bununla razısınız? Ümumiyyətlə, uzun ömür yaşamağın sirri varmı?

- 1955-ci ilin avqust ayının 8-dən akademiyadayam. Arada bir-iki il Azərbaycan Tibb Universitetində kafedra müdiri olmuşam. Həmin müddətdə qocalıq yaşının elmi əsaslarından mühazirələr oxumuşam. Uzunömürlülüyün bir çox şərtləri var ki, ən başlıcası irsi olmasıdır. Daha sonra gərək insanda paxıllıq hissi olmasın, içini qurdlar yeməsin. Hamının nəyəsə ehtiyacı olur, indi də var. Lakin bu günə kimi heç kimin paxıllığını çəkməmişəm. Mən heç kimə maneə yaratmamışam ki, nəsə mənim olsun. Mən öz payımdan razı qalmışam. Xislətim belədir və məni tanıyanlar da bunu bilir. 14 yaşımdan evdən çıxmışam. 1946-47-ci illərdə talonla çörək alıb texnikumda oxumuşam. 18 il yataqxanalarda qalmışam. Mən heç yerdə pis əməllə məşğul olmamışam. Cavanların adətən gənclik dövrlərində çox dərdi olur. Mən isə yalnız bir şey düşünmüşəm ki, gərək valideynlərimin, o cümlədən xalqımın qarşısında xəcalət çəkməyim. Valideynlərimin zəhmətinə hər zaman böyük qiymət vermişəm. Salamat həyat yaşa, pis əməllərə uyma. Bu gün ölkədə min bəla var. Mənim zamanımda da müəyyən pis vərdişlər olub. Lakin onların heç birinə yaxın durmamışam. İnsanlara yaxşılıq etməyə çalışmaq lazımdır. Yaxşılıq edə bilmirsənsə, pislik də etmə. Bax insanı yaşadan da budur. Atam da 101 il ömür yaşayıb. Bu irsilik də vacibdir.

- Neçə övladınız, nəvəniz, nəticəsiniz var? Onlardan sizin yolunuzu davam etdirənlər varmı?

- İki övladım var, biri qız, digəri oğlandır. Beş nəvəm və iki nəticəm var. Bu günə kimi övladlarım və nəvələrimdən heç nə tələb etməmişəm. Yalnız bir tələbim olub ki, sən oxuyursansa niyə beş qiyməti almayasan. Çünki bu, sənin vəzifəndir. Mən maksimalistəm. Amerikada olan nəvəm Şakir 14 yaşında olanda İstanbulda Tibb Universitetinə qəbul olunmuşdu. 6 yaşı tamam olmamış komissiya vasitəsilə istedadı yoxlandıqdan sonra birbaşa ikinci sinfə qəbul edilmişdi. İkinci sinfi bitirəndən sonra isə V sinfə keçirdilər. Bir çoxları düşünürdü ki, babası akademik olduğundan belə olur. And olsun ki, onun inkişafında heç bir rolum olmayıb. Həmin nəvəmin bacısı Leyli də çox savadlı olub. O, liseyi bitirməmiş 9-cu sinifdə Amerikanın Azərbaycandakı səfirliyi dil biliklərini yoxladıqdan sonra 2000 dollar məbləğində mükafat vermişdilər. Leyli hətta dövlət hesabına Kanadanın universitetlərinin birində təhsilinin hər ilinə 55 min avroluq pul xərcləyib. Nəvəmin biri Ukraynada Şevçenko adına Konservatoriyanın vokal opera kursunu bitirib. Hazırda iki yerdə dərs deyir. Onların hamısından çox razıyam. Hər zaman demişəm ki, dünyada ülvi qabiliyyətlərin ən əsası tərbiyədir. Tərbiyənin məktəbi də əsas anadır. 90 yaşımda olsam da, bu gün də valideynlərimin tövsiyələrindən istifadə edirəm.

Hər zaman heyfslənmişəm ki, biologiya elmində 20-dən çox tələbəm olsa da, heç bir qohumum arasında bioloq yetişən olmayıb. Həkimlər olsa da, bioloq olan yoxdur.

- Bəzən belə fikir səsləndirilir ki, insan yaşlandıqca uşaqlaşır. Bəs sizin evinizdə ailə üzvlərinizə hər hansı ərköyünlünüz olurmu?

- Valideynin uşağını çox istəməyinin tərəfdarıyam, lakin onu ərkəsöyün böyütməsinlər. Övlada mütləq zəhməti aşılamalısan. Bu yaşa kimi çatmışam, amma heç bir şıltaqlığım olmayıb. Amma nəvələrimlə zarafat etmişəm, atmaca atmışam. Nəvələrim hər zaman deyir ki, babamızı çox istəyirik, çünki səs-küylüdür. Nəvələrimi oynadarkən o qədər çimdikləmişəm ki, yoldaşım deyirdi ki, uşaqları incitmə. Uşaqları çox istəyirəm, amma eyni zamanda tələblərim də olub. Onlar da bunu bilib. Uşaqlarımı da, nəvələrimi də çox gəzdirmişəm, lakin məndən nəsə almağı tələb etməyiblər.

- 2020-ci ilə qədər AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru vəzifəsində çalışmısınız. Akademiyaya yenə gedirsinizmi?

- Bu gün təkcə yubileyimlə əlaqədar instituta gəlməmişəm. Mən mütəmadi olaraq buraya gəlib-gedirəm. Mənə burada çox böyük hörmət var. Burada 20 ilə yaxın direktor olmuşam, bir nəfər də olsun həmin dövrdə məndən incik olmayıb. Mən heç nəyə də göz yuman olmamışam, kollektiv də bunu bilib. İşsiz qala bilmirəm. 500-ə yaxın elmi məqaləm, 22 kitabım, 7 monoqrafiyam var. Hələ də elə hesab edirəm ki, sonuncunu yazmamışam. Azərbaycanın bütün sularını bilirəm. Bütün bu sahədə görülən işlərin hamısı yazılıb. Lakin hamısını bir araya toplamaq istəyirəm.

- Necə dolanırsınız?

- Ataların yaxşı misalı var: “Ayağını yorğanına görə uzat”. Əlimdə nə olub, hər zaman onla qane olmuşam. Mən dövlətli deyiləm, amma istədiyim vaxt nəsə edə bilərəm. Ona görə də həyatımdan razıyam. Akademik olaraq məvacib alıram, pensiyam da var. Dünyanı özümlə aparan deyiləm. Bir o şeydən narazıyam ki, hökumətdən ev almamışam. Mənim evim olmayıb. Qohumlar vaxtı ilə yığılıb ev alıblar və indi həmin 22 kvadratlıq mənzildə qalıram. Bağ evim var və bunu akademiya verməyib. Akademiyada yeganə insanam ki, 1955-ci ildən burada çalışandan heç bir imtiyazlardan istifadə etməmişəm. Nə torpaq, nə ev, nə maşın almışam. Heç nə almamışam. Ancaq elə adam var ki, akademiyadan 3-4 dəfə ev alıb. Mənə qismət olmayıb deyə verməyiblər. Bu, uzun söhbətdir. Yenə də şikayət etmirəm.

Müsahibimin özünün yazdığı şeir:

Ey ahil, düz danış sən haqqı danma, yaxşılıq etməkdən bezib usanma.

Nə yığıbsansa gec-tez yox olacaq, ömürdən dünyada ikicə şey qalacaq

Çalış səndən varis savadın qalsın, sənə rəhmət deyib el yola salsın.

- Azərbaycan elminin hazırkı durumunu necə qiymətləndirirsiniz?

- Elmimizə əvvəlki münasibət yoxdur. Bu gün gəncləri danlayıram ki, sizə elmlə məşğul olmaqda kimsə maneə törətmir. Bu halda niyə işləmirsiniz?! Mən gənclərdən narazıyam. Onlar bizim can yandırdığımız kimi işə can yandırmırlar. Elmi jurnal gələndə onun növbəsinə dayanırdıq. İndi internet dövrüdür deyə bəlkə vəziyyət fərqlidir. Bu institutda bir dəfə refrativ jurnal alıb otağımda saxladım. Heç kim o jurnalla maraqlanmadı. İndiki gənclər elm üçün can yandırmır. Bundan da narazıyam. İndiki cavanlara sanki tənbəllik sirayət edib. Halbuki indiki imkanlar əvvəlkindən qat-qat çoxdur. Amma bundan istifadə etmirlər.

- Gəncləri elmə cəlb etmək üçün nə etmək lazımdır? Gənclərin elmdən uzaq düşməsini ölkəmiz üçün təhlükə sayırsınızmı?

- Mən hər zaman təqaüdlə dolanmışam. Aspirant olub valideynlərimdən pul almamışam. İndiki aspirantlar aldıqları təqaüdlə dolana bilmirlər. Ona görə də gənc alimlərin güzəranının yaxşılaşması lazımdır. Güzəranı düzələn 10 gənc alimdən heç olmasa 5-i vicdanla işləsə biz qazanarıq. Rəhbərim hər zaman deyirdi ki, 100 elmi işdən heç biri göydən ulduz endirmir. 100 aspirantdan beşi gələcəkdə elmi davam etdirsə, bu, qazancdır. Bu gün ölkədə kasıb və ac adam yoxdur. Heç nə etmə amma nəsə tələb etmək düzgün deyil. Gənclərə deyirəm ki, ömür qabağdadır. Ona görə də indidən çalışmaq lazımdır. Elmdə təminat məsələsi kifayət qədər deyil. Ancaq işləyən kadr üçün hər zaman şərait var. Elmin inkişafında maddi cəhətdən yardım bir az artırılsa yaxşı olar. Biz də tələbkar və can yandıran olmalıyıq. Elmdə rəhbər ikinci valideyndir.

- Bu günə qədər hər istədiyinizi yetəri qədər edə bilmisinizmi? Dünyadan köçəndə gözüm arxada qalmayacaq deyə bilərsiniz?

- Mənə elə gəlir ki, həyatımdan tam razı deyiləm. Çünki daha çox iş görə bilərdim. Amma konkret deyə bilmirəm ki, nəyi edə bilməmişəm. Bilirəm ki, hər hansı iş barədə 3-5 il artıq əmək sərf etmişəm. Halbuki onun yerinə başqa nəsə edə bilərdim. Lakin xalqımızın qarşısında əliboş deyiləm. Buna baxmayaraq ömrümdən də çox razı deyiləm. Nəsə də yenə etmək olardı. Qocalığın belə şərtləri var ki, hazırda yadıma 80 illik yaşımdakı hadisələr gəlir. Görünür ki, yaddaş üstünə yığılan qayğılar hələ indi azalır. Son iki ildə bu günə qədər xatırlamadığım hadisələr yadıma düşür. Hər kəs öz ömrünün tarixçəsinə baxmalıdır. İnsan özünə hesabat verməlidir.

  • Paylaşmağı unutma

Səhr yaz

Müəllimlərə müjdəli xəbər gəlir

Müəllimlərə müjdəli xəbər gəlir

"Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək". Milli.Az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Təhsilin İnkişafı Fondunun...

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil. Milli.Az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib.

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları...

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib, 1268 namizəd uğur qazanıb. "Report" xəbər verir ki...