Abituriyentlərin zəif cavablandırdığı tapşırıqlar müəyyənləşdirilib
Dövlət İmtahan Mərkəzində (DİM) yanvarın 10-da kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.
DİM-dənAZƏRTAC-a bildirilib ki, iclasda gündəlik məsələ ötən il ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub. Tapşırıqlar imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzular baxımından təhlil edilib.
İşçi qrupunun rəyinə görə, tapşırıqlar müvafiq fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramına tam uyğundur. Tapşırıqlarda elmi-metodiki səhvlər yoxdur. Tapşırıqlar vasitəsilə abituriyentlərin bilik və bacarıqlarının obyektiv yoxlanılması və qiymətləndirilməsi mümkün olub.
Müzakirə nəticəsində abituriyentlərin imtahanda zəif cavablandırdığı tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək. Həmçinin müzakirələrdə bildirilmiş redaktə xarakterli düzəlişlər test banklarının təkmilləşdirilməsində nəzərə alınacaq.
İşçi qrupunun növbəti iclası yanvarın 17-də keçiriləcək.