Son illər Azərbaycanda peşə məktəblərinə diqqət artırılsa da, peşə təhsili alan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməməsi peşə təhsilinə marağı azaldır. Bu günlərdə Milli Məclisin plenar iclasında məsələni gündəmə gətirən Etibar Əliyev bildirib ki, peşə məktəblərində təhsil alan oğlanları ilin ortasında hərbi xidmətə çağırırlar. Onların əksəriyyəti hərbi xidmətdən geri qayıtdıqdan sonra təhsilini davam etdirmirlər.
E. Əliyevin söylədiklərini peşə məktəblərindən də təsdiqləyirlər.
1 nömrəli Sumqayıt Peşə Liseyinin direktor müavini Rəna Nəzərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, peşə təhsili alan gənclərə hərbidən möhlət hüququnun verilməməsi bir çox problemlərə yol açır.
Həmsöhbətimiz deyir ki, həmin gənclər hərbi xidmətdən qayıtdıqda yaş həddi digər təhsilalanlarla müqayisədə çox fərqli olur. Həmçinin peşə təhsili müəssisəsi həmin gəncləri ilin ortasından təhsilə bərpa edə bilmir:
“Peşə məktəblərində təhsil alan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməməsi bir sıra problemlərə yol açır. Biz məcbur oluruq həmin gənclər hərbi xidmətə getdikdə onların təhsilini donduraq. Beləcə oğlan tələbələr dərs ilinin ortasında təhsillərini yarımçıq qoyub hərbi xidmətə yollanırlar. Gələndə isə çoxu təhsilini davam etdirmir. Hərbi xidmət keçmiş tələbələrimiz 9-cu sinfi bitirən dəcəl uşaqarla bir parta arxasında əyləşmək istəmirlər. Onların davranışları, dünya görüşləri dəyişdiyindən özlərindən yaşca kiçik tələbələrlə təhsil almaqdan imtina edirlər”.
Onlar əsgərlikdən qayıtdıqda ixtisas bağlı olur
R. Nəzərova deyir ki, bu problemin bir tərəfidir. Digər tərəfi isə odur ki, oğlan tələbələr hərbi xidmətdən qayıtdıqda, artıq onların təhsil aldıqları ixtisasların bağlandığını görürlər:
“Həmin oğlanlar gəlib təhsillərini davam etdirmək üçün bizə müraciət etsələr də, bəzən elə olur ki, onların təhsil aldığı ixtisas artıq bağlanmış olur. Həmin ixtisas yenidən açılanadək onların gözləməsi isə çox gec olur. Biz hərbi xidmətə gedən gənclərin təhsilini dondursaq da, onların əksəriyyəti ümumiyyətlə qayıtdıqdan sonra təhsilini davam etdirmirlər”.
Həmsöhbətimizin dediyinə görə, bu günlərdə peşə təhsili məktəbinə bərpa edilən gəncin 28 yaşı var. O, 10 ildən sonra yenidən təhsilini davam etdirmək istəyir. Buna isə işlədiyi yerdən ondan təhsilə dair sənəd tələb edildiyindən məcbur olub.
Peşə təhsilinə maraq azalır
Təhsil üzrə ekspert Nadir İsrafilov da problemin ciddi olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, sovet dövründə peşə təhsilinə maraq böyük olub. Keçid dövründə istehsal müəssisələri ləğv olunduğundan peşə təhsilli kadrlara tələb azalıb:
“Son illər prezidentin göstərişi ilə peşə təhsilinə yenidən diqqət göstərilir. Buna da səbəb bəzən müasir texnologiyalar üzrə ölkəmizdə ixtisaslı fəhlələrin qıtlığıdır. Artıq peşə məktəblərimizin çoxu təmir edilərək müasir avadanlıqlarla təmin edilib. Koreya hökumətinin dəstəyi ilə müasir dövrün tələblərinə uyğun peşə məktəbləri yaradılıb. Amma oğlanlara peşə təhsilində hərbidən möhlət hüququnun verilməməsi onların peşə təhsilinə marağını azaldır”.
Gənclərə hərbidən möhlət hüququ verilməlidir!
Ekspert də əksər oğlanların hərbi xidmətdən qayıtdıqdan sonra peşə təhsilini davam etdirmədiklərini təsdiqləyir. Bu problemi aradan qaldırmaq üçün peşə təhsili dövründə oğlanlara hərbidən möhlət hüququnun verilməsini vacib sayır:
“Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Ölkəmiz müharibə şəraitində deyil. Ona görə də peşə təhsili müddətində oğlanlara hərbidən möhlət verilməsinə zərurət var. Bu, onların hərbi xidmətdən sonra əmək bazarında özlərinə iş tapmasına da yardım edəcək”.
N. İsrafilovun sözlərinə görə, peşə öyrənmək üçün təhsildə fasilə əldə edilən biliklərin unudulmasına səbəb olur. Bütün bunlar nəzərə alınaraq peşə təhsilinə də ali təhsildə olduğu kimi hərbidən möhlət hüququ verilməlidir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən İnnovativ layihələr şöbəsinin müdiri Ceyran Məmmədli də peşə məktəblərində təhsil alan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsinin gənclərin peşə təhsilinə marağını artıracağını düşünür. Onun sözlərinə görə, 20 yaşa qədər gənclərə peşə təhsili müddətində hərbi xidmətdən möhlət hüququnun verilməsi üçün Təhsil Nazirliyi tərəfindən təkliflərin edilməsi nəzərdə tutulur:
“Bizim də marağımızdadır ki, onlar təhsilini yekunlaşdırdıqdan sonra hərbi xidmətə yollansınlar. Amma hazırki qanunvericilik buna imkan vermir”.
C. Məmmədli qeyd edib ki, hazırda ölkəmizdə 70-dən çox peşə təhsili məktəbi fəaliyyət göstərir. Amma həmin peşə məktəblərində hər il nə qədər tələbənin hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirməməsi barədə statistik məlumat yoxdur.
Qeyd edək ki, bu məsələ “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunla tənzimlənir. Qanunun 21-ci maddəsində təhsilini davam etdirmək üçün çağırışa möhlət verilməsinə həsr olunub. Həmin maddədə qeyd olunub ki, təhsil alan çağırışçılara möhlət yalnız bir dəfə verilir. (Sputnik.az)