tehsil_xeberleri_metn Azərbaycanda təhsil: nailiyyətlər və əsas hədəflər - Təhsil xəbərləri

Azərbaycanda təhsil: nailiyyətlər və əsas hədəflər

Azərbaycanda təhsil: nailiyyətlər və əsas hədəflər

44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi ilə Zəfərlə başa çatdı. Əldə olunan Qələbə regionun lider ölkəsi olan Azərbaycanın qarşısında yeni hədəflər qoydu. Həmin hədəflərdən biri də işğaldan azad olunmuş ərazilərdə təhsilin bərpası idi. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüldü. Görülmüş işlər nəticəsində Şərqi Zəngəzura Azərbaycan təhsili geri qayıtdı.

Zəfərin ilk zəngi

Qarabağda – Zəngilanın Ağalı kəndində 29 ildən sonra ilk dəfə Bilik Günündə zəng çalındı. Bu, həm də Zəfər zəngi idi. 360 şagird yerlik ikimərtəbəli Ağalı kənd məktəbində 60 şagird tarixin canlı şahidi oldu. Bu, qayıdışın kiçik bir başlanğıcı idi.

Artıq ikinci ildir ki, işğaldan azad olunmuş torpaqlarımızda sürətli bərpa və quruculuq işləri davam etdirilir. İşğaldan əvvəl həmin ərazilərdə ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərdə yeni və müasir təhsil ocaqlarının tikintisi istiqamətdə qısa zamanda işlərin başladılması üçün tapşırıqlarını verdi. Belə ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 11-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” haqqında Sərəncam imzaladı. Həmin Sərəncama əsasən Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur. Tədbirlər Planına əsasən, Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.

Təhsil müəssisələrinin infrastrukturu müasirləşdirilir

Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir. Həyata keçirilən sosial-iqtisadi islahatlar, dövlət başçısının müəllifi olduğu müasir idarəetmə modeli nəticəsində Azərbaycan yalnız regionda deyil, dünyada lider dövlətlərdən birinə çevrilib, beynəlxalq reytinqlərdə mövqelərini əhəmiyyətli şəkildə yaxşılaşdırıb.

Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən bu günlərdə imzalanmış sərəncamlar təhsilin inkişafına davamlı dövlət qayğısının daha bir parlaq nümunəsidir. Bu gün təhsilin inkişafı həyata keçirilən dövlət proqramları fonunda təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib.

Bütün bunlar təhsilin inkişafına əhəmiyyətli dərəcədə təsir edib. Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalıdırlar, müəllimlər yaxşı məktəblərdə dərs deməlidirlər” fikri əsasında ölkəmizdə ən müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması istiqamətində işlər aparılır. Yeni tikilən məktəblərin əksəriyyətinin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Bu, ölkəmizdə təhsilin inkişafının hər zaman diqqət mərkəzində olmasının əyani göstəricisidir.

Heydər Əliyev Fondu ölkəmizdə təhsilin inkişafına öz töhfəsini verir

Təhsilin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri var. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri də məktəb tikintisinin vüsət almasıdır. Heydər Əliyev Fondu Azərbaycanın sosial-iqtisadi inkişafının ən mühüm və zəruri sahələrindən biri kimi müəyyən edilmiş təhsil sahəsinin inkişafına daim xüsusi diqqət və qayğı ilə yanaşıb, bu istiqamətdə böyük əhəmiyyət kəsb edən tədbirlər həyata keçirib.

2022-ci ildə də Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakıda və regionlarda məktəblər inşa edilib, əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində yanvarın 13-də Goranboyda, yanvarın 17-də Qaxda yeni məktəb binasının açılışı olub. Layihə çərçivəsində yanvarın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksinin açılışı baş tutub. “Yeniləşən Azərbaycana yeni məktəb ” proqramı həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da zəruri avadanlıq və ləvazimatlarla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib. Həmçinin il ərzində Ağstafa, Xaçmaz, İmişli, Şamaxı, Masallı, Daşkəsən, Saatlı, Oğuz və paytaxtın qəsəbələrində də yeni məktəb binaları, körpələr evi-uşaq bağçaları əsaslı təmir olunaraq istifadəyə verilib.

Azərbaycanda uğurla həyata keçirilən təhsil islahatları ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm göstərilməsindən, elmin, təhsilin dəyərlərinin dünya səviyyəsinə qaldırılması istiqamətində görülən işlərin uğurlu nəticəsindən xəbər verir. Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələr və nəzərdə tutulan proqramların zaman-zaman reallaşması böyük müəllimlər ordusu olan Azərbaycanı qloballaşan dünyanın dəyərlərinə təhsil və elm sayəsində qovuşduracaq. Təhsilə göstərilən yüksək diqqət və qayğı müstəqil dövlətimizin xoşbəxt gələcəyinə böyük zəmin yaratmaqla Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevirəcək.

Yeni təşəbbüslər, yeni hədəflər

Müasir dövrün çağırışlarına uyğun olaraq dünyada təhsilin inkişaf tendensiyaları dəyişir. Əldə edilmiş nailiyyətlərlə yanaşı, təhsilin inkişafı üzrə dövlət strategiyasında nəzərdə tutulmuş hədəflər baxımından təhsil sistemi qarşısında bir sıra vəzifələr də durur. Təcrübə göstərir ki, elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və bacarıqlarla zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyi önə çəkilməlidir. Təhsilin məzmunu texnoloji yenilikləri nəzərə almaqla inkişaf etdirilməli, ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, peşə, orta ixtisas və ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülməli, əmək bazarında iş təklif edən bütün subyektlər, dövlət və özəl olmasından asılı olmayaraq maraqlı tərəfə çevrilməlidir.

Gələcəyin çağırışlarına cavab verməsi və innovativ inkişafın təmin edilməsi baxımından təhsilin məzmununun yenilənməsi mühüm prioritetlərdəndir. Yeni məzmunun tətbiqi, ilk növbədə, yeni yanaşmaları mənimsəyən və tətbiq etməyi bacaran pedaqoji kadrlar tələb edir. Peşə təhsili sahəsində son illərdə əldə edilən nailiyyətlərin davamı olaraq yeni məzmunun hazırlanması, əmək bazarının tələblərinin nəzərə alınması baxımından biznes subyektləri və işəgötürənlərlə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə proqramların həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə təhsil sahəsində görülən işlər tədrisin keyfiyyətində böyük rol oynayıb. Dövlət başçısı özü də Azərbaycanın xoşbəxt gələcəyinin təmin olunmasında təhsilin inkişafını prioritet vəzifə kimi qarşıya qoyub və bu istiqamətdə mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olub. Artıq Azərbaycanda təhsil sistemi beynəlxalq aləmə çox uğurla inteqrasiya olunur.

Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.