Bakıda peşə təhsilinin əmək bazarına uyğunlaşdırılması ilə bağlı tədbir keçirilib
Bakıda peşə təhsilinin əmək bazarına daha çevik uyğunlaşdırılması məsələsinə həsr olunmuş "dəyirmi masa" keçirilib.
“Report” xəbər verir ki, Avropa İttifaqı, BMT İnkişaf Proqramı (UNDP), Dövlət Peşə Təhsili Agentliyinin birgə təşəbbüsü ilə keçirlən tədbirdə peşə təhsili müəssisələrinin nümayəndələri və işəgötürənlər iştirak ediblər.
"Dəyirmi masa"da tədris proqram mütəxəssisləri peşə ixtisas standartları, tədris proqramlarının formatı, modul yanaşma, bazarın gözləntiləri barədə söhbət açıblar. Həmçinin peşə təhsil müəssisələri müdavimlərinin ilk dövrdə iş axtarmaqda çəkdikləri çətinliklərdən bəhs olunub.
UNDP layihə meneceri Eltəkin Ömərov “Gələcək naminə peşə təhsili və tədrisi” layihəsinin 4 il müddətdə Aİ-nin maliyyəsilə icra edəcəyini bildirib: “Layihənin müxtəlif tərkib hissələrindən əsas olanı ikili peşə tədrisinin, başqa sözlə iş yerində tədrisin dəstəklənməsidir. Layihə çərçivəsində özəl sektorla yaxından əməkdaşlıq edərək peşə təhsilinə innovasiyalı yanaşmalarının təhlilini də dəstəkləyirik”.
Dövlət Peşə Təhsili Agentliyinin nümayəndəsi Zaur Əliyev də "dəyirmi masa"nın peşə tədris proqramlarını işəgötürənlərin təkliflərinə görə təkmilləşdirmək məqsədi daşıdığını qeyd edib.