Cəlilabadda "Rəqəmsal aqronomlar" şagird düşərgəsi layihəsinin bağlanışı keçirilib
Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalib layihələrindən olan "Rəqəmsal aqronomlar" şagird düşərgəsi layihəsinin bağlanış mərasimi keçirilib.
"Report"xəbər verir ki, tədbir Cəlilabad rayonu, akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbdə baş tutub.
Tədbirdə layihə rəhbəri, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəhbəri, məktəb direktorları, layihənin idarə heyəti, müəllimlər, şagirdlər və valideynlər iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları layihə təlimlərində iştirak etmiş şagirdlərin hazırladıqları dron marketləri və digər əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra layihə rəhbəri Elçin Abbasov layihənin icrası prosesində görülən işlərlə bağlı məlumat verib.
Çıxış edən Cəlilabad Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, Cəlilabad rayon Alar kənd H.Əliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Nazim Əsgərov, Cəlilabad rayon Alar kənd 2 nömrəli tam orta məktəbin direktoru Tahir Əsgərov, layihənin eksperti Gülər Bayramova, layihədə iştirak edən şagirdlərin valideynlərindən Fərid Əliyev və digərləri çıxış edərək layihənin şagirdlərə maraqlı və faydalı olmasından, kənd təsərrüfatında tətbiqlərinin səmərəsindən danışıblar.
Tədbirin sonunda layihə iştirakçıları olan şagirdlərə sertifikatlar, "Ən yaxşı dron dizaynı" müsabiqəsinin qaliblərinə diplomlar, "STEAM Azərbaycan Festivalı"nda iştirak edən şagirdlərə fəxri fərmanlar təqdim edilib. Eləcə də layihənin icrası müddətində müxtəlif istiqamətlərdə dəstək göstərmiş müəllimlər "Təşəkkürnamə" ilə təltif olunublar.