tehsil_xeberleri_metn Ən əzablı qətlə məruz qalan, Avropa alimlərini qidalandıran sirr dolu alim – Azərbaycan filosofu -ESSE

Ən əzablı qətlə məruz qalan, Avropa alimlərini qidalandıran sirr dolu alim – Azərbaycan filosofu -ESSE

Ən əzablı qətlə məruz qalan, Avropa alimlərini qidalandıran sirr dolu alim – Azərbaycan filosofu -ESSE

1191-ci ilin qışında Hələb zindanında soyuqdan və aclıqdan ölməkdə olan filosof kimsənin yadına düşmürdü. Bir zamanlar bütün elm məclislərində heç kim onunla bəhsə girməz, heç bir mövzuda mübahisə edə bilməzdi. Artıq neçə vaxt idi ki, həmin filosof həbsxananın qaranlıq hücrəsinin divarlarından başqa heç nə görmürdü. Ən çox sevdiyi işıqdan məhrum edilmək filosofu daha da incidirdi. O, artıq duyurdu ki, ölümdən qurtula bilməyəcək. 1183-cü ildə Hələbə gəldiyi gündən şəhər hakimi Məlik Zahir Əyyubinin xüsusi hörmətini qazandı. Həmin günlər indi zindanda soyuqdan büzüşən, aclıqdan heysizləşən bu dustağın - zamanının və məkanının “İşıq şeyxi” kimi tanınan böyük filosof Şihabəddin Yəhya Sührəvərdinin gözlərinin önündən çəkilmirdi. Həbsxanaya düşəndən bəri bir hadisənin ağrı-acısı onun yaddaşında qara tikana dönüb beynini dəlirdi: O gün Əyyubi filosoflardan ibarət məclis təşkil edir və orada fəlsəfi-dini mübahisələr başlayır. Sührəvərdi məclisdə özünün yüksək biliyi ilə hamını mat qoyur. Əyyubinin həmin məclisdən sonra ona olan hörməti daha da artır. Bəziləri bu qəribə alimin tezliklə vəzir olacağından çəkinib özlərinin çox yaxşı bildiyi bir işə-saray xəyanətinə əl atır. Hakim Əyyubinin atası Sultan Səlahəddinə məktubla bildirirlər ki, Hələbdə bir alim sənin oğlunu yoldan çıxarır, ona küfr elmləri öyrədir. Şihabəddin Yəhyanın da faciəsi həmin məktubdan sonra başlayır. Atasının iradəsinə qarşı çıxa bilməyən Zahir Əyyubi onu həbs etdirir. O gündən bu günə çətin şərtlər altında gün keçirən filosof indi məhbəsxana küncündə məhv ola-ola özünü günahlandırırdı.

Acı sonluq

Misir, Yəmən və Suriyanın hakimi olan Sultan Səlahəddin Əyyubi ömrünün son illərində bəlkə də ən böyük günahına əl atır- dövrün nəhəng filosoflarından birinin zindanda aclıqdan ölməsinə səbəb olur. Sührəvərdinin həyat və yaradıcılığını Azərbaycanda ilk dəfə geniş miqyasda araşdıran alim, professor Zakir Məmmədovun filosofa həsr etdiyi monoqrafiyasında orta əsr mənbələrindən birinə istinadən həbsin tarixi haqqında maraqlı faktlar deyilir:

“Yaqut Həməvi yazır:ŞihabəddinSührəvərdi öz məntiqi mühakimələri ilə alimlərə qalib gəldi. Fəziləti Məlik Zahirə bəyan oldu. Hakim onu özünə yaxınlaşdırdı, qəbul etdi, başqalarındanfərqləndirdi. Rəqiblərinin ŞihabəddinSührəvərdiyə qarşı qeyzi artdı, onu dinsizlikdə və zındıqlıqda ittiham etdilər. İbn Xəllikan da bu faktı təsdiq edərək yazır: ”O, əqidə pozğunluğu və dinsizlik üstündə ittiham olunmuşdu. Onun haqqında deyilmişdi ki, o, şəriət qanunlarına zidd getmişdi”.
Mütəfəkkirin bu qədər nüfuz qazanması onun düşmənlərinin hiddətinin daha da artmasına və edamının tələb edilməsinə səbəb oldu. Fəqihlər Məlik əz-Zahirdən onun edamını tələb etdilər. Hakim razı olmadı, atası Səlahəddinə üz tutdular.Onun “küfr”lərini təsdiq edən hökmlər hazırlayıb Dəməşqə, Məlik Nasir Səlahəddinə göndərdilər. Dedilər, əgər bu gənc sağ qalarsa,Məlik Zahirin etiqadını korlayar. Eləcə də, o, azad edilərsə, ölkədə istənilən vilayəti korlayar. Səlahəddin ƏyyubiHələpə Qazi Fazilin xətti ilə ŞihabəddinSührəvərdi haqqında oğlu Zahirə məktub göndərdi. Orada deyirdi: ”Bu Sührəvərdininöldürülməsi labüddür. Onu heç vəchlə azad buraxmaq və sağ saxlamaq olmaz”.
Amma Məlik Zahir filosofu öldürtmədi.”Bundan sonra Səlahəddin bir daha ona yazıb, ŞihabəddinSührəvərdinin edamını əmr etdi, filosofu öldürtməsə, Hələpi onun əlindən alacağını bildirdi. Bu xəbər Sührəvərdiyə çatdıqda hakim əz-Zahirdən bir yerdə həbs edilib, ölənə qədər yemək-içmək verilməməsini xahiş etdi”.

Qeydlərdən də göründüyü kimi, Məlik Zahir alimə, elmə və hikmətə hörmət naminə onu edam etdirmir. Lakin məhbəsdə yeməyi kəsilən ŞihabəddinSührəvərdi tamamilə nəzarətsiz qalır. Günlərlə onu yoluxan olmur. Cəmi 37 yaşındaəzab içində dünyasını dəyişən filosofun ölümü Şərq dünyasında ən əzablı alim qətli kimi tarixə düşür. Ona görə də əksər mənbələrdəŞihabəddin Yəhya Sührəvərdi “öldürülmüş filosof” kimi də tanınır.Baxmayaraq ki, orta əsrlər Şərqi üçün hər hansı azad fikirli alim və şairin ölümü az qala adi bir hal sayılırdı. Elm və irfan sahibləri, mütəfəkkirlərin edamı Şərqdə ənənəvi hal olsa da, yalnız qaranlıq məhbəsdə acından ölən Sührəvərdi “öldürülmüş filosof” adı ilə tanındı. 1191-ci ildə vəfat edən SührəvərdiHələpdə dəfn olundu. Onu az qala peyğəmbər səviyyəsində qəbul edən tələbələrindən biri filosofun qəbrinin üzərində bu sözləri yazır:

“Bu qəbrin sahibi gizli bir inci

Tanrı cilalayıb vermişdi şərəf

Onun qiymətini bilmədi zaman

Onu zənn eylədi adi bir sədəf”.

Sührəvərdi isə həbs olunduğu zaman tələbələrinə öz vəsiyyətini yazıb çatdıra bilmişdi. Həmin vəsiyyətdə alimi bütün Şərqdə, bəlkə də bütün dünyada tanıdan, onu orijinal düşüncə sahibi kimi elm aləminə təqdim edən işraqilik nəzəriyyəsinin nişanələri var. Bu nəzəriyyə barədə az sonra danışacağıq. Hələlik isə, işraqiliyinşifrələri ilə zəngin olan və onları düzgün yaşama səsləyən vəsiyyətinə nəzər salaq. Bu vəsiyyətdə o, artıq öz ölümünü görürdü və onu ölən bir insanın son sözləri kimi yazmışdı: “Qəfəsim dünya olan bir quş idim. Uçaraq oranı boş qoyuram. Gedəcəyim yerdə Allahı görəcəyəm və sizə oradan gizli xəbərlər söyləyəcəyəm. Siz də ruhlarınızıbədənlərinizdən ayırın. O zaman sizə görünəcək həqiqətlərin şahidi olacaqsınız. Bir gün can verən zaman heç nədən qorxmayın. Bunu azadlığın özü bilin. Bütün insanların ruhlarının mayası birdi.Onların hamısını eyni İşığın övladlarıdır. Odur ki, mən də özümü sizdə görürəm.Siz də özünüzü başqa insanlarda görün. Başqa insanlarını da özünüz bilin”.

İşraqilik- bütün uğurların və faciələrin səbəbkarı

Sührəvərdihaqqında sağlığında da, öləndən sonra da hər zaman heyrət doğuracaq əhvalatlar dildən-dilə dolaşıb. Rəvayətə görə, o, gəncliyində aid olduğu sufi təriqətinin dərvişləri ilə gizli bir guşəyəgedər, Xızır peyğəmbərlə görüşərmiş. Amma sonradan onu aşağılamaqdan, alimlik nüfuzunu təhqir etməkdən ötrü sehrlə məşğul olan cadugər kimi qələmə verdilər.

Sührəvərdi öz nitqlərində və yazılarında Allahın dərgahına yüksəldiyini, Nur əl-Ənvərdən işıq payı aldığını iddia edərək ehkamların xaricinə çıxmaq haqqına sahib olduğunu düşünürdü. Onun sufi-panteist nəzəriyyəsindən qidalanan işraqilik təliminin kökündə də bu məntiq dayanırdı. İşraqilik çox keçmir ki, bütün yaxın coğrafiyada məşhurluq qazanır. Sührəvərdinin gələcəkdə üzləşəcəyi bütün uğur və faciələrinin də əsas səbəbkarı elə bu təlim olur. Yazının əvvəlində bir neçə dəfə qeyd etdiyimiz aclıq cəzasına da işraqiliyin batini mənalarını anlamayan mollalar tərəfindən uğrayır.

İşraqilik qədim yunan, fars və təsəvvüf fəlsəfəsini özündə birləşdirən təlimdir. Yunan filosofu Platinin daha çox önəm verdiyi emanasiya nəzəriyyəsi işraqiliyin özəyini təşkil edir. Bu təlimdə bütün bəşəriyyət, canlılar Vahiddən – küll halında olan İşıqdan ayrılan zərrələr şəklində təsəvvür edilir. Zərrələr mənbəyinə yaxın olduqca daha da parlaqlaşır, ondan ayrıldıqca isə tədricən sönür və qaranlığa keçir.

İşraqi təlimində bütün zərrələr Vahidə tərəf yönəlir, onunla qovuşmağa can atır. Hər insan öz içində o zərrəni daşıyır. Əslində insan ruhu elə həmin zərrənin özüdür və o hər zaman Günəşə doğru can atır. Ona görə də, bu dünyada Günəşdən ayrı olduğu üçün özünü əsarətdə hiss edir. Zərrə öz Küllünə qovuşanda əbədi səadət qazanır.

İşraqiliyin bütün prinsipləri Sührəvərdinin “İşıq haqqında”, “İşraq hikməti” və “İşığa dair traktat” əsərlərində verilib. Onun fikrincə, bütün mövcudiyyət öz başlanğıcını vacib varlıqdan, yaxud da İşıqlar işığından alıb. Burada sufizmin “vəhdəti-vücud”, yunan fəlsəfi məktəbinin emanasiya, fars mədəniyyətinin isə zərdüştilik nəzəriyyələri birləşir. İşraqilik həm də bununla türk, fars, ərəb və yunan düşüncə tərzini birləşdirməklə, dünyanı eyni təfəkkür altına cəm etməyi düşünürdü.

“İşıq heykəlləri”, “Filosofların görüşləri”, “Eşqin həqiqəti, yaxud aşiqlərin munisi”, “İşıqnamə”, “Ürəklər bağı”, “İşraq fəlsəfəsi”, “Cəbrayıl qanadının sirri” kimi fəlsəfi məzmunlu əsərləri bu gün də tam olaraq araşdırılmayıb. Halbuki, Sührəvərdi bu əsərlərində fəlsəfə tarixində bir neçə ilkin əsasını qoyub. Məsələn, o, ilk dəfə olaraq, “İşraq fəlsəfəsi” kitabında İşıqlar işığının sayəsində Vahiddən qopan vücudların mücərrəd işıq olması haqqında müddəa irəli sürür. O, İşıqlar işığından mücərrəd işığın qopduğunu sübut edən müddəa üzərində geniş dayanır. Xalq dilində desək, onun işıq adlandırdığı insanlar maddi deyil, mücərəddir. Cisim olaraq maddi varlıq kimi bilinən insan özündə mücərrəd ruhu gəzdirir.Sührəvərdi təlimində hər insan həm də Günəş şüasına bənzədilir. Çünki Günəş şüaları ondan ayrılıb Yer səthinə doğru gəlsələr də yenə də ona qayıdırlar.

Epiloq-gizli qutunun ağrıları

Azərbaycan kimi ərazisi o qədər də geniş olmayan bir yerdə kainatı qucaqlamaq gücündə, dünyanı eyni düşüncə altında birləşdirmək qabiliyyətində olan üç fəlsəfədən birinin-işraqiliyin banisi olan Sührəvərdi hələ də gizli qutu olaraq qalır. (digər isə fəlsəfə isə xəlvətiyyə və hürufizmdir.E.N.) Bu gün Avropa şərqşünaslarının öyrənməyə can atdıqları Şərq filosofları içində ŞihabəddinSührəvərdinin də adı var. Onlar XX əsrdə inkişaf edən fizika elmində işraqiliyin elementlərini aşkarlayıblar. Məlum olub ki, Avropanın bəzi fizikləri özləri də bilmədən işraqiliyi təkrarlayan elmi-nəzəri müddəalar irəli sürüblər.

QEYD: Yazının ərsəyə gəlməsində mərhum professor, Sührəverdi və işraqilik nəzəriyyəsinin, eləcə də orta əsrlər İsmalm Şərq fəlsəfəsinin yorulmaz araşdırmaçısı Zakir Məmmədovun tədqidatlarından istifadə edilmişdir.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...