Erməni arxeoloqlar Şahbulaq qalasında nə axtarırdılar?
Ağdam (Aquyen, Aluyen) rayonunun ərazisində yerləşən və 100 hektara yaxın ərazini əhatə edən Şahbulaq qalası ətrafında Ermənistan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən 2005-ci ildə qeyri-qanuni arxeoloji tədqiqatlara başlanılıb. Hamlet Petrosyanın rəhbərliyi ilə “Tiqranakert” ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində Qafqaz Albaniyasına məxsus antik və orta əsrlər dövrlərini özündə əks etdirən şəhər mədəniyyəti əlaməti aşkar edilib.
Bu barədəAZƏRTAC-a AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin Qafqaz Albaniyası Memarlıq Abidələri və Mənəvi İrsinin tədqiqi sektorunun müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov bildirib. Onun sözlərinə görə, “Tiqranakert” tapmaq istiqamətində aparılan arxeoloji tədqiqatlarda Alban çarı III Mömin Vaçaqanın adı həkk olunmuş keramik disk aşkar edilib. Diametri 7,5-7,8 santimetr, qalınlığı 0,5-1,0 santimetr olan keramik diskin biri üzərində tərəfləri bərabər olan xaç, digər üzündə isə başında keçə papaq, bığ və saqqalı çəpmə xətlərlə cızılmış insan təsvirinin silueti həkk olunub. Təsvir üzərində olan yazıda “Mən Vaçe-Vaçaqan Allahın qulu” ifadəsi qeyd edilib.
Moisey Kalankaytuklunun “Alban tarixi” kitabında qeyd olunur ki, “Mən, Albaniya çarı Vaçaqanın çağırışı ilə yepiskop, keşiş, əyan, qəbilə başçıları və bir çox başqaları hamılıqla mənim məclisimə Aquen adlı yaylağıma gəldilər”. III Mömin Vaçaqanın adı həkk olunmuş keramik diskin bu ərazidə aşkarlanması bizə söyləməyə əsas verir ki, Vaçaqanın Aquen adlı yaylağı məhz bu ərazidədir. Ərazidə şəhərin qala divarları və onların bürcləri, erkən xristianlıq dövrünə aid qəbiristanlıq, antik və ilk orta əsrlərə aid küp və torpaq qəbirlər, Beşikdağ mağara, xaçvari məbəd, irriqasiya sistemləri və erkən xristianlıq dövründə inşa edilmiş iki alban kilsəsi olub.
Alim qeyd edib ki, Şahbulaq qalası ətrafında aparılan qeyri-qanuni arxeoloji tədqiqatlar nəticəsində təxminən bir-birindən 5 metr məsafədə iki alban xristian abidəsi aşkara çıxarılıb. Qazıntılar nəticəsində altar apsis xarici çıxıntısı beşbucaqlı olmaqla Bizans memarlığı əsasında inşa edilmiş uzunluğu 27,30x11,25 metr olan alban kilsəsi aşkar edilib. Kilsə Suriya memarlığına transfer edilərkən ona cənub-şərqdən 4,9x3,45 metrlik dini təyinatlı yardımçı otaq birləşdirilib. “Mən Vaçe-Vaçaqan Allahın qulu” ifadəsi öz əksini tapan keramik disk bu kilsənin daxilindən aşkarlanıb. Kilsənin qərbdə bir, şimal və cənubunda iki olmaqla 5 giriş qapısı olub. Kilsənin şərqdə olan apsis çıxıntısı düzbucaq altında Suriya memarlığına transfer edilib. Qeyri-qanuni tədqiqata cəlb edilmiş kiçik kilsənin ümumi ölçüsü 16,3x8,3 metr olmaqla altar apsisinin alt hissəsində sərdabə yerləşib. Sərdabəyə giriş şərq divarında olmaqla erkən xristianlıq dövrü üçün xarakterikdir. Bundan başqa, kilsənin qərb hissəsinin həyətyanı sahəsində ilk xristianlıq dövrü üçün xarakterik sarkofaq tipli qəbir nümunələri aşkar edilib. Qeyri-qanuni tədqiqata cəlb edilmiş sarkofaqlardan götürülmüş insan qalıqlarının V-VI əsrlərə aid olduğu müəyyən edilib, Albaniya tarixi üçün əhəmiyyəti olan digər məlumatlar elmi dövriyyəyə daxil olunmayıb. Burada aşkar edilmiş zəngin maddi mədəniyyət nümunələrindən ibarət arxeoloji materiallar 2010-cu ildən Şahbulaq qalasının daxilində sərgilənirdi.
“Arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələrinə əsasən burada Qafqaz Albaniyası dövrünə aid şəhər mədəniyyətinin izlərini görə bilirik. 44 günlük Vətən müharibəsi dövründə Ağdam rayonunun döyüşsüz təhvil verilməyə məcbur edilən düşmən sərgilənən artefakları da özləri ilə daşımağa nail olmuşdu”, - deyə N.Alışov bildirib.