Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır
9 və 11 illik orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi ilə bağlı “Abituriyent” jurnalının 11-ci nömrəsi və jurnalın xüsusi buraxılışı nəşr edilib.
"Report" xəbər verir ki, jurnalın 11-ci nömrəsində tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.
“Abituriyent” jurnalının xüsusi buraxılışında isə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu elanı, həmçinin “Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulması və təsdiqi üçün təlimat və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, boş yerlərin sayı və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.
Qeyd edək ki, həm ümumi (9 illik), həm də tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi sentyabrın 29-dan oktyabrın 3-dək internet vasitəsilə aparılacaq.
Jurnalları günün sonundan etibarən aşağıdakı ünvanlarda yerləşən "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
- Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
- Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.
Jurnalların elektron versiyasını (pdf formatında) isə DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).