Peyvənd vurdur – saat çox al
Vaksin olunmaq ənənəvi qaydada daha çox saatda dərs demək imkanı kimi səciyyələndirilə bilər
Milli.AzTrend-ə istinadən bildirir ki,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
M.Vəliyeva qeyd edib ki, bütün müəllimlər, təhsil işçiləri yaxşı anlayır ki, vaksinasiya prosesində fəallıq təkcə ənənəvi tədrisin bərpası üçün deyil, ümumilikdə cəmiyyətin gələcəyi üçün vacibdir:
"Bütün ehtimallar nəzərə alınarsa, sanitar-epidemioloji vəziyyətin dəyişmə riskləri qiymətləndirilərsə, təbii ki, vaksin olunmaq ənənəvi qaydada daha çox saatda dərs demək imkanı kimi səciyyələndirilə bilər.
Bir məsələni də qeyd edim ki, tədris müəssisələrində heyət üzvlərindən vaksin vurulmuş şəxslərin vaksin pasportlarının, koronavirus infeksiyasına yoluxma səbəbilə vaksin vurulmayan şəxslərin immunitet sertifikatlarının və əks-göstərişi olan şəxslərin əks-göstəriş sertifikatlarının tələb olunması müzakirə edilir. Düşünürəm ki, müvafiq tədbirlər ümumi məqsədlərə xidmət etməklə yanaşı, həm də təhsilalanlar və təhsilverənlər üçün daha səmərəli tədris mühitinin yaradılmasına xidmət edəcək.
Bizim üzərimizə düşən isə normal həyata qayıtmaq üçün vaksinasiya prosesində fəal iştirak etməkdir. Unutmayaq ki, virus alacağımız tədbirlərdən daha güclü deyil. Alacağımız ən böyük tədbir isə peyvənd olunmaqdır. Tədris ilinin başlanmasına qalan 20-25 gün ərzində ümid edirik ki, təhsil işçiləri arasında peyvənd olunanların sayı artacaq. Bu, həm ümumi işimizə, həm də sağlamlığımıza xidmət etmiş olacaq".
Son zamanlar ictimaiyyət arasında, xüsusilə sosial şəbəkələrdə valideyni vaksin olunmayan şagirdlərin məktəbə buraxılmayacağı barədə yayılan məlumatlara aydınlıq gətirən İdarə müdiri bildirib ki, məsələyə Təhsil Nazirliyi rəsmi olaraq açıqlama verdi, aydınlıq gətirdi:
"Düşünürəm ki, valideynlər qarşısında bununla bağlı hər hansı tələbə və tapşırığa zərurət olmayacaq. Amma unutmayaq ki, məktəb təkcə müəllim və şagirddən ibarət deyil. Valideyn də bu sistemin bir parçasıdır və hətta deyərdim ki, çox əhəmiyyətli bir parçasıdır. Onların övladlarının sağlamlığını, təhsilini düşünərək peyvənd olunmuş müəllim qədər valideyn də məsuliyyət daşıyır. Ona görə də, əziz valideynlərimizi də ümumi təşəbbüsə qoşularaq ənənəvi tədrisin bərpasına layiqli töhfə verməyə çağırıram.
Sonda bir daha qeyd edim ki, paytaxtın ümumi təhsil müəssisələrində çalışanların vaksinasiyasının əyani tədrisə keçidi sürətləndirəcəyinə ümidlərimiz sonsuzdur. Hər kəs öz cəbhəsindən bu işə dəstək olarsa, vaksinasiya prosesinə fəal qoşularsa normal həyata qayıtmağımız yolunda yaşıl işıq yanacaq".