Şuşa-Laçın yolunda azərbaycanlı fəalların etiraz aksiyası xalqımızın haqq səsidir
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı qətiyyətli surətdə səsini qaldıraraq etiraz edən qeyri-hökumət təşkilatlarında təmsil olunan ekoloqlar, fəallar və könüllülər Laçın-Şuşa magistral yolunda dekabrın 13-dən başladıqları etiraz aksiyasını davam etdirirlər. Azərbaycanın keçmiş Ağdərə rayonunun (hazırda Tərtər) Rusiya sülhməramlılarının nəzarətində olan ərazisində, Gülyataq kəndi yaxınlığında yerləşən qızıl yatağından qızıl, digər faydalı qazıntılarla zəngin olan yataqlardan (alüminium və sairə) çıxarılan xammal yük maşınları ilə daşınaraq Xankəndi istiqamətinə göndərilir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında İqtisadiyyat İnstitutunun Regional inkişaf və təbii sərvətlərdən səmərəli istifadə problemləri şöbəsinin müdiri iqtisad elmləri doktoru Rəna Sultanova deyib.
Onun sözlərinə görə, İsveçrənin “VallexGroup” Qapalı Səhmdar Cəmiyyətinə daxil olan “BaselMetals” şirkəti həm işğal illərində, həm də müasir dövrdə qiymətli metalların Kəlbəcərdən, Zəngilandan, Ağdərədən (Tərtər) daşınmasını həyata keçirir.
“Azərbaycanın həmin təbii resurslarının vəhşicəsinə talanması qeyd olunan şirkətlərə yüksək gəlir gətirir və ölkənin ekoloji durumunu kəskinləşdirir. Bütün bunlara Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekoloqlar, ictimai fəallar insan haqları sahəsində mövcud beynəlxalq sənədlərə, o cümlədən milli qanunvericiliyə əsaslanaraq, xüsusilə sağlam ətraf mühitdə yaşamaq, fikir və söz azadlığı hüquqlarından istifadə edərək ekoloji fəsadlara səbəb olan hallarla bağlı öz narazılıqlarını bildirirlər. Biz də ermənilər tərəfindən törədilən ekoloji terrorun aradan qaldırılması ilə bağlı keçirilən aksiyanı dəstəkləyərək, bu terrora və təbii resurslarımızın vəhşicəsinə talan edilməsinə son qoyulmasını tələb edir, bütövlükdə beynəlxalq təşkilatları bu aksiyaya dəstək verməyə çağırırıq”, – deyə R.Sultanova qeyd edib.