Talış kəndindəki tam orta məktəbdə ilk zəng çalınıb, uşaq bağçası fəaliyyətə başlayıb - YENİLƏNİB
Martın 27-də Tərtər rayonunun Talış kənd tam orta məktəbində ilk dərs günü ilə bağlı mərasim keçirilib.
Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mərasimdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri Seymur Məmmədov, Şamxal Muxtarov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, kənd sakinləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə məktəbdə yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, məktəb 78 şagird yerlikdir. İkimərtəbəli binanın dam örtüyü tamamilə yenilənib, kommunikasiya sistemləri yenidən qurulub. Bina yanğın əleyhinə siqnalizasiya, rabitə, videomüşahidə sistemləri ilə təchiz edilib. Məktəbdə 8 sinif, tibb və müəllimlər otağı, akt zalı və kitabxana yerləşir. Məktəbin həyətyanı ərazisində süni ot örtüklü futbol və idman meydançaları yaradılıb. Hazırda təhsil müəssisəsində 24 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə isə 16 müəllim məşğul olur.
Daha sonra məktəbəqədər təhsil müəssisəsində yaradılmış şəraitlə tanışlıq olub. Məlumat verilib ki, uşaq bağçasının birmərtəbəli binası da əsaslı təmir edilib. Bütün kommunikasiya sistemləri yenidən qurulub və bina yanğın əleyhinə siqnalizasiya, rabitə, videomüşahidə və fövqəladə hal xəbərverici sistemləri ilə təchiz edilib. Həyətyanı ərazidə uşaqlar üçün rezin örtüklü oyun meydançası və iki söhbətgah inşa olunub.
"Tərtər rayonunun erməni işğalından azad edilmiş Talış kəndindəki tam orta məktəbdə uzun illərdən sonra martın 27-də ilk zəng çalınıb. Belə ki, məktəbdə ilk dərs gününün açılışı baş tutub".
"Report"un xəbərinə görə, bunu Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov deyib.
O bildirib ki, ümumilikdə 78 şagird yerlik məktəbdə müxtəlif yaş qruplarından olan 24 şagird təhsilə cəlb edilib: "Məktəbdə 15 müəllim tədris prosesi ilə məşğul olur".
G.Əbdülov söyləyib ki, Talış kəndindəki uşaq bağçası da bu gündən fəaliyyətə başlayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində olarkən tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar.