Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransı keçiriləcək
İyunun 22–25-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (BMDM) və Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı keçiriləcək.
UNEC-dənAZƏRTAC-a bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən beynəlxalq konfrans "Bir əsrin iqtisadi nəticələri" mövzusuna həsr olunacaq. Dövlət və özəl qurumların rəhbər şəxslərinin, yerli və xarici qonaqların qatılacağı konfransda dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədqiqatçılarının iştirakı ilə “Vorkshop” təşkil olunacaq. Eləcə də “Yaşıl iqtisadiyyat və yaşıl inkişaf” mövzusunda “Green Day” keçiriləcək. Tədbirdə yaşıl investisiyalar, yaşıl inkişaf, yaşıl enerji, təkrar istehsal, yaşıl istehlak kimi aktual mövzularda çıxışlar olacaq. Məruzə sessiyalarında dünyanın 100-ə yaxın ölkəsindən 500-dən çox tədqiqatçı öz işlərini təqdim edəcək.
Konfrans çərçivəsində yerli və xarici universitetlərin professor və tədqiqatçıların iştirakı ilə “Bir əsrin iqtisadi portreti” kitabının təqdimatı nəzərdə tutulub. Bundan əlavə, ingilis dilində “Yaşıl iqtisadiyyat və yaşıl maliyyə” adlı kitab nəşr olunacaq. Həmçinin ali təhsil müəssisələrində dərs vəsaiti olaraq istifadə edilməsi nəzərdə tutulan “Strateji idarəetmə” kitabı da çap olunaraq konfrans zamanı iştirakçılara təqdim ediləcək.
Akademik tədbirlərlə yanaşı, konfrans günlərində Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinə, mədəniyyətinə, Heydər Əliyev irsinə aid müxtəlif mövzularda sərgilərdən ibarət mədəni tədbirlər təşkil olunacaq.
Konfransa elmi məqalələrin qəbulu aprelin 21-dək davam edəcək.
Tədbirlər haqqında daha ətraflı məlumatları konfransın rəsmi saytı olanwww.conferences.az veb-ünvanından əldə etmək olar.