Təhsil naziri Zəngilanın Ağalı kəndində tədrisin təşkili qaydasına aydınlıq gətirib
Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kəndində məktəb tikintisi və tədrisin təşkili ilə bağlı məsələyə aydınlıq gətirilib.
"Report"xəbər verir ki, təhsil naziri Emin Əmirullayev jurnalistlərə açıqlamasında məktəbin nazirlik tərəfindən tikilmədiyini bildirib.
"Amma hazırda bununla bağlı aidiyyəti qurumlarla birgə iş aparılır. Bu, bir gündə həyata keçirilən məsələ deyil. Ona görə də, düzgün planlaşdırma həyata keçirilməlidir. Ağalı kəndinə sakinlərin ilk köçürülməsindən sonra məktəbin də fəaliyyəti bərpa olunacaq, amma aradakı keçid dövründə bir neçə həftə ərzində tədrisin hibrid və ya distant formada olmasını planlaşdırmışıq ki, uşaqlar dərsdən kənarda qalmasınlar. Hətta 2, 3 və ya 5 uşaq köçsə belə həmin uşaqlar dərhal onlayn tədrisə cəlb olunacaqlar. Daha sonra məktəbin binası, bütün infrastruktur qurulduqdan, müəllimlər olduqdan sonra proses tam yekunlaşacaq" - E.Əmrullayev əlavə edib.