Texnopark quruculuğu prosesində yeni addımlar
Azərbaycanda texnoparkların fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə” ilə tənzimlənir. Davamlı və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılması üçün müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsi olduqca vacibdir. Bu prosesin dayanıqlı hüquqi bazasının olması isə əsas amillərdən biri kimi qəbul edilir. “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də texnoparkın yaradılması, onun fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi, gəlirləri, rezidentlərin fəaliyyəti, torpaq sahələrindən istifadə və digər məsələlər haqqında müddəalar öz əksini tapıb.
Bu barədəAZƏRTAC-a Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş direktoru Vasif Abbasov məlumat verib.
V.Abbasov qeyd edib ki, Prezident İlham Əliyevin 2022-ci il 30 dekabr tarixli Fərmanı ilə “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”yə bəzi əlavələr edilib. Belə ki, sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı istiqaməti üzrə bəzi tələblər təsdiqlənib. Bu tələblərə görə texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər dövlət reyestrində qeydiyyatda olmalı, vergi uçotuna alınmalı, kiçik, orta və ya iri sahibkarlıq subyektlərindən birinə aid olmalı, borcları olmamalı, müvafiq lisenziyaya və ya icazəyə malik olmalı, müflis elan olunmamalı, əmlakı üzərinə həbs qoyulmamalı və ödənişə yönəlmiş girovu olmamalıdır. Bunlarla yanaşı, yeni əlavə və dəyişikliklərdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müvafiq fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməmək, sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahələrində ən azı 1 (bir) il fəaliyyət göstərmək və digər tələblərə də cavab verilməsi öz əksini tapır. Bu əlavə və dəyişikliklər texnoparkların fəaliyyətində informasiya texnologiyaları sahəsinə, o cümlədən rəqəmsallaşmaya nə qədər önəm verildiyinin bariz nümunəsidir.
Həmçinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Qanununda edilən bəzi dəyişikliklərə əsasən texnologiyalar parkı rezidentləri üçün bir sıra güzəştlər və azadolmalar müəyyən edilib. Belə ki, Miqrasiya Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, texnologiyalar parkının rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislərə iş icazəsinin alınması tələb olunmur.
Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, texnologiyalar parkı rezidentləri üçün nəzərdə tutulmuş güzəşt və azadolmalar həm də texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə şamil olunacaq.
Belə ki, dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə fiziki gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi, sənaye və texnologiyalar parkındakı əmlaklarına görə əmlak vergisi, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə torpaq vergisi və dividend üçün ödəmə mənbəyində vergi ödəməkdən azaddır.
Həmçinin texnologiyalar parkının rezidenti kimi buradan kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi aşağıdakı qaydada tutulur:
- 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi;
- 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə görə, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər 2023-cü il yanvarın 1-dən 10 il müddətinə məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar.
Ümidvarıq ki, qanunvericiliyə edilən bu dəyişikliklər tədqiqat və sənaye arasında bağlılığı daha da artıracaq, müəssisələrin öz tədqiqat və inkişaf fəaliyyətlərini texnoparkda həyata keçirmələrinə zəmin yaradacaq və nəticədə innovativ məhsulların və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi prosesinə öz töhfəsini verəcəkdir.