Universitetlərdə Azərbaycan dilli resurların sayı artırılmalıdır-Osman Gündüz
“Tələbələr sadəcə müəllimin mühazirələri ilə kifayətlənməli deyillər, əlavə resurlardan istifadə etməlidirlər”
Yanvarın 25-də AzTU-da 2021/2022-ci tədris ili üzrə keçirilən qış imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub.Mediaturda AzTU-nun İctimai Şurasının üzvləri, mətbuat nümayəndələri və tələbələrin valideynləri iştirak ediblər.
AzEdu.azxəbər verir ki, universitetinİctimai Şurasının sədri, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüzimtahanları təşkili prosesi ilə bağlı müşahidə və dəyərləndirmələrini qeyd edib.
Sədr universitetdə imtahanlara hazırlıqla bağlı müəyyən tədbirlərin həyata keçirildiyini bildirib:
“Azərbaycan Texniki Univsitetinin İctimai Şurası olaraq zaman-zaman imtahanların hazırlıq prosesi və gedişatı ilə bağlı monitorinqlər aparırıq. Bu gün bu porsesdə hətta tələbələrin valideynləri, media nümayəndələri, ekspertlər, deputatlar da iştirak edir. İmtahanların keçirildiyi bir sıra otaqlarda olduq, müxtəlif fənlər üzrə tələbələrin imtahan verməsini müşahidə etdik. Müşahidələrimiz onu göstərir ki, universitetdə imtahanlara hazırlıqla bağlı müəyyən tədbirlər həyata keçirilir. Auditoriyalarda həm şifahi, həm test formatında təşkil edilən imtahanların şahidi olduq. Belə qənaətə gəldik ki, bu istiqamətdə universitet tərəfindən müəyyən addımlar atılıb”.
Prezident müzakirələr zamanı hazırlanacaq təkliflərin əhəmiyyətini vurğulayıb:
“Adətən biz monitorinqlərin, ictimai nəzarətin yekununda görülən işləri, çatışmazlıqları, problemləri universitetdə müzakirə edirik. Hazırda İctimai Şurada imtahan prosesində rast gəlinən problemləri və onların həlli üçün hansı addımların atılmalı olduğunu istiqamətində müzakirələr aparacağıq. Düşünürəm ki, bizim hazırlayacağımız təkliflər gələcəkdə universitetlərdə imtahanların hazırlıq prosesinin daha şəffaf, təkmil şəkildə qurulması, universitet-tələbə münasibətlərinin daha da şəffaflaşdırılması istiqamətində xeyli faydalı olacaq”.
Sədr tələbələr üçün imtahan materialının vacibliyini qeyd edərək, resurs çatışmazlığına diqqət çəkib:
“İmtahan müddətində tələbələrin fikirlərini öyrəndik, imtahana hazırlıq üçün materialları necə əldə etdikləri ilə maraqlandıq. Məsələn tələbələrin hər biri materialları müxtəlif mənbələrdən əldə etdiklərini bildirdilər, müəllimin yönləndirməsi, internet resursları, kitabxanalar, bəziləri isə tapa bilmədiklərini qeyd etdilər. Əlbəttə, materiallar tələbələr üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Tələbələr sadəcə müəllimin mühazirələri ilə kifayətlənməli deyillər, əlavə resurlardan istifadə etməlidirlər. Bu resursların əlçatanlığının çətinliyi və Azərbaycan dilli resurslarda çatışmazlıqlar müşahidə etdik. Düşünürəm ki, universitetlərdə Azərbaycan dilli resurların sayı artırılmalıdır, onlayn kitabxana zənginləşdirilməlidir. Eyni zamanda imtahan prosesinin müxtəlif üsullar istiqamətində gələcəkdə daha da təkmilləşdirilməsilə bağlı təkliflər hazırlayacağıq”.
Son olaraq sədr,-“Bir daha qeyd etmək istəyirəm ki, ümumilikdə görülən işləri qənaətbəxş hesab etmək olar. Bu prosesin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflərimizi isə sonra universitet rəhbərliyinə təqdim edəcəyik”-deyə bildirib.