Yeni nəşr: “Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti”
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin hazırladığı “Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti” çap olunub.
İnstitutdanAZƏRTAC-a bildirilib ki, yeni nəşr Cəfər Cabbarlının əsərlərinin dilinin lüğət tərkibini özündə əks etdirir. Kitabda Cəfər Cabbarlının bədii əsərlərində istifadə edilmiş bütün lüğəvi vahidlər əhatə olunub. Lüğətdə 6889 söz və 1100 ifadə verilib.
Nəşr elm və sənət adamları, dilçi və ədəbiyyatşünaslarla yanaşı, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Lüğətə daxil olan sözlərin hər birinin Cəfər Cabbarlının dilində kəsb etdiyi mənalar doğma dilimizin ifadə imkanlarını daha da genişləndirmək baxımından dəyərlidir.
İzahlı lüğətin elmi məsləhətçisi professor Nadir Məmmədli, elmi redaktoru və “Ön söz”ünün müəllifi professor İsmayıl Məmmədli, rəyçiləri professorlar Məsud Mahmudov və Sayalı Sadıqova, məsul redaktoru dosent Xədicə Heydərovadır.